Xəbərlər

Faiq Qarayev: İstiqaməti düzgün müəyyənləşdirərək Azərbaycanda voleybolu inkişaf etdirə bilərik

27 dekabr 2023 317

“Əl-ələ verib və istiqaməti düzgün müəyyənləşdirərək Azərbaycan voleybolunu yüksəklərə qaldıra bilərik”

Bu sözləri voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunan Faiq Qarayev mətbuat konfransında deyib.


Təqdimetmə mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bölgələrdə seçilən yeni voleybolçuların gələcəkdə milli komandanın formalaşması üçün önəmli olduğunu diqqətə çatdırıb. Regionlarda da voleybolun inkişaf etdiyini deyən nazir federasiyanı cari ildə qazandığı uğurlara görə təbrik edib.


AVF-nın prezidenti Şahin Bağırov 2023-cü ildə voleybol sahəsində bir çox işlərin keçirildiyini vurğulayıb. O, il ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş turnirlərin keçirilməsinin vacibliyindən bəhs edib.


Ş. Bağırov AVF-nin vitse-prezidenti Faiq Qarayevin qadınlardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi kimi təyinatını da elan edib.


Bu günün onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Faiq Qarayev deyib: "Bu il həm dövlətimiz, həm də idmanımız üçün vacib hadisələr baş verdi. Düzdür, hazırda voleybolumuzda durğunluq hiss olunur. Biz yenidən bu idman növünü yüksəklərə daşıya bilərik. Sistemi dəyişdirməliyik. Mənim də müəyyən qədər təcrübəm var. Hər insana yığma komandaya baş məşqçi təyin olunmaq nəsib olmur. Bu, olduqca çətin işdir. Federasiya ilə birlikdə voleybolun inkişafı üçün çalışacağıq. Hazırda şəraitimiz yaxşıdır. Paytaxtla yanaşı regionlarımızda da zallar istifadəyə verilib. İstiqaməti düzgün müəyyənləşdirərək voleybolun ölkəmizdə təkmilləşməsinə kömək edəcəyəm.


O, bu vəzifəyə yenidən təyin edilmədən əvvəl hər şeyi gözə aldığını qeyd edib: "Çox məsuliyyət tələb edən bir işdir. Bilirəm ki, komanda uduzanda azarkeşlər tərəfindən tənqidlər olacaq. Amma mən hər şeyə hazıram".


Faiq Qarayevə millinin simvolik forması təqdim edilib.


Qeyd edək ki, yığmada sonuncu dəfə bu vəzifəni türkiyəli Ataman Güneyligil icra edib. Avropa çempionatında uğursuz çıxış səbəbindən onunla müqaviləsinin müddəti artırılmayıb.