Həsrət Cəfərov və Ülvi Qənizadə Avropa çempionu oldular
23 aprel 2023 328
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır. Yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün N.Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla mübarizə aparıb və 7:0 hesablı qələbəyə sevinib. N.Məmmədli üçüncü yer uğrunda ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb və 9:5 hesablı qələbə ilə debüt etdiyi Avropa çempionatının bürünc medalını qazanıb.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə “tuş”la qalib gəlib. H.Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. H.Cəfərov həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə gərgin görüş keçirib. İlk hissəni 0:2 hesabı ilə geridə başa vuran gənc güləşçimiz ikinci hissədə əzmkar qələbə qazanıb - 3:2. Beləliklə, H.Cəfərov karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.
Ülvi Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabı ilə qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. O, finalda fransalı İbrahim Qanemlə ağır görüş keçirib. İlk hissədə rəqibindən aşkar üstün olan Ü.Qənizadə fasiləyə 7:0 hesablı üstünlüklə yollansa da, ikinci hissədə yorğunluq sözünü deyib və hesab bərabərləşib - 7:7. Ancaq xalların keyfiyyətindəki üstünlük idmançımıza karyerasında böyüklər arasında ilk Avropa çempionluğunu qazandırıb.
Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans verməyib - 8:0. Üçqat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. R.Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka “tuş”la uduzub. İdmançımız bürünc medal uğrunda almaniyalı Roland Şvartsla güləşib və minimal fərqlə (1:2) uduzub.
Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı