Xəbərlər

İdman festivalı: Yunan-Roma güləşçilərimiz ilk medallarını qazanıblar

22 avqust 2023 179

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycanın yunan-Roma güləşçiləri ilk medallarını qazanıblar.

Təmsilçimiz Sərxan Məmmədov (130 kiloqram) qızıl medal uğrunda qarşılaşmada rusiyalı Azamat Gegkiyevlə üz-üzə gəlib. Rəqibinə 2:4 hesabı ilə məğlub olan Azərbaycan güləşçisi gümüş medalla kifayətlənib.

55 kiloqram çəkidə mübarizə aparan Elvin İbadov belaruslu Aleksandr Huryeu üzərində qələbə qazanıb - 6:2. Üçüncü yeri tutan güləşçimiz bürünc medala sahib olub.

Bundan əlavə, Ziya Babaşov (63 kiloqram) rusiyalı Andrey Viotskini 3:0, Xasay Həsənli (77 kiloqram) isə Rusiyanın digər təmsilçisi Aleksey Qavrini 9:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıblar.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.