Xəbərlər

İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçirilir

10 noyabr 2018 464

9 noyabr 2018-ci il tarixlərində Avropa Olimpiya Komitəsinin (AOK) 47-ci Baş Assambleyası işinə başlayıb.

Assamblayada Azərbaycan nümayəndə heyətini Gənclər və İdman naziri Azad Rəhimov, AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov təmsil edirlər.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edib. Assambleyada AOK-un illik hesabatı müzakirə olununub.

Həmçinin, 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2024-ci il Paris Yay Olimpiya Oyunları və 2028-ci il Los-Anceles Olimpiya Oyunlarının məruzələri dinlənilib. II Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfində oyunlara hazırlıq haqqında təqdimat nümayiş olunub.

AOK-un Baş Assambleyası çərçivəsində “VIII Pyotr Nurovski – Ən yaxşı avropalı gənc idmançı” mükafatı avstriyali velosipedçi Laura Stiggerə təqdim olunub.

10 noyabr tarixində Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalının təqdimatı keçirilib. Təqdimat Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalının Təşkilat Komitəsinin üzvləri Nigar Əfəndiyeva və Tərlan Məmmədov tərəfindən edilib.

27 may- 1 iyun 2019-cu il tarixlərində Monteneqroda keçiriləcək XVIII Avropanın kiçik ölkələrinin oyunlarının məruzə çıxışı gündəlikdə olan məsələlər sırasında idi.

Avropa Olimpiya Komitəsinin 48-ci Baş Assambleyası Polşanın paytaxtı Varşavada keçiriləcək.

Xatırladaq ki, 8 noyabr tarixində Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.