Xəbərlər

Kriterium üzrə Azərbaycan Kuboku yarışının I mərhələsi keçirilib

24 avqust 2023 275

Avqustun 23-24-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kuboku yarışının I mərhələsi keçirilib. Ümumilikdə 78 oğlan velosipedçinin iştirak etdiyi turnir Səbail rayonunda yerləşən Veloparkda baş tutub.

 

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə 2005-2007-ci il təvəllüdlü idmançılar 30 km (11 nəfər, 20 dairə, 10 ara finiş), 2008-2009-cu il təvəllüdlü velosipedçilər 24 km (28 nəfər, 16 dairə, 8 ara finiş), 2010-2012-ci il təvəllüdlü idmançılar isə 10 km (12 nəfər, 10 dairə, 5 ara finiş) məsafəyə kriterium növündə mübarizə aparıblar.

 

Turnirin ikinci günündə isə kriterium növündə yarışmayan 2009-cu il və daha kiçik təvəllüdlü idmançılar dağ velosipedləri ilə 10 km (27 nəfər, 10 dairə) məsafəyə qrup ötüşməsində güclərini sınayıblar.

 

Nəticələrə əsasən, kriterium növündə 2005-2007-ci il təvəllüdlü idmançılar arasında Tural İsrafilov  (ROEQİUGVM, 55 xal), 2008-2009-cu il təvəllüdlü velosipedçilərin yarışında Nihad Xudoyev (ROEQİUGVM, 43 xal), 2010-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Nihat Xudiyev (ROEQİUGVM, 30 xal), dağ velosipedləri ilə qrup ötüşməsində isə 2009-cu il təvəllüdlü və daha kiçik idmançılar arasında Toğrul Məmmədli (ROEQİUGVM, 24:24:19) birinci yerə layiq görülüblər.

 

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.