Xəbərlər

lV "Raquf Orucov Kuboku" beynəlxalq turnirinin açılış mərasimi keçirilib

17 noyabr 2023 325

Əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun və torpaqlarımızın azad edilməsi uğrunda canından keçən bütün hərbçilərimizin xatirəsinə həsr olunmuş 20 yaşadək cüdoçular arasında (U-20) ənənəvi lV "Raquf Orucov Kuboku" beynəlxalq turnirinə start verilib.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin açılış mərasimi Bakı İdman Sarayında keçirilib.

Dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançıların iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra böyük Zəfərə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Mərasimdə çıxış edən millət vəkili Adil Əliyev turnir iştirakçılarını salamlayaraq yarışın əhəmiyyətindən danışıb. O, belə yarışların gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunun aşılanmasında, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılmasında böyük rolu olduğunu qeyd edib.

44 günlük Vətən müharibəsində tarixi Qələbənin üçüncü ildönümündə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə və Qarabağın digər gözəl guşələrində üçrəngli Bayrağımızı qaldırdığını qeyd edən Adil Əliyev bununla da suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ölkədə cüdoya göstərilən diqqət və qayğıdan danışıb. O, hər zaman federasiya tərəfindən belə turnirlərin dəstəkləndiyini qeyd edib. Artıq turnirin ənənəyə çevrildiyini deyən R.Rəsullu bu yarışın iştirakçıları arasından gələcəyin çempionlarının çıxacağına inandığını diqqətə çatdırıb.

Şəhid Raquf Orucovun qardaşı Zabil Orucov isə yarış iştirakçılarını əsgər salamı ilə salamlayaraq turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını deyən Z.Orucov şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq üçün belə yarışların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra açılış mərasimi bədii hissə ilə davam etdirilib.

Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Dağıstan (Rusiya) və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçunun iştirak etdiyi turnirin ilk yarış günündə -66 kq, -81 kq və -100 kq, çəki dərəcəsində qaliblər müəyyənləşib.

Turnirdə -66 kq çəki dərəcəsində Eltac Yusifli ("Uğur" İK Sumqayıt) birinci yerə çıxıb. Faiz Həsənov (TM Cüdo Klubu) ikinci, Biniomin Nazirov (Tacikistan) və Elvin Rəşidov ("Olimpiya" Cüdo İdman Klubu) isə üçüncü olublar.

-81 kq çəki dərəcəsində isə Süleyman Şükürov ("Neftçi" Sumqayıt) birinci yerə layiq görülüb. "Judo Club 2012"nin üzvü Əli Hacızadə ikinci yerə sahib çıxıb. Roman Qarayev ("Qəbələ" Bakı) və Mehdi Abbasov ("Judo Club 2012”) üçüncü yerlə kifayətləniblər.

-100 kq çəki dərəcəsində "Atilla" İK-i təmsil edən Nihad Şıxəlizadə qızıl medala layiq görülüb. Türkiyəli idmançı Mustafa Çırık ikinci, Şahin Əsədov ("Uğur" İK Sumqayıt) və Tamerlan Cabbarov ("Qəbələ" İK) üçüncü yeri tutublar.

Hazırda Azərbaycan idmançılarının aktivində 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal var.

Ənənəvi turnirə sabah yekun vurulacaq.