MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05 oktyabr 2026 - 15:31 66
Oktyabrın 5-də Milli Olimpiya Komitəsinin inzibati binasında (MOK) Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko ilə görüş keçirilib.
Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko, baş katib Kseniya Sankoviç, prezidentin köməkçisi Yuliya Kandrusik və mətbuat katibi Polina İqnatenko iştirak edib.
Görüşün əsas məqsədi Azərbaycan ilə Belarus arasında idman və Olimpiya Hərəkatı sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, həmçinin gələcək ikitərəfli tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi olub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, iki ölkənin Olimpiya Komitələri arasında möhkəm dostluq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Sizinlə görüşməkdən böyük mənunluq duyuruq. Belarus Milli Olimpiya Komitəsi ilə hər zaman çox sıx əlaqələrimiz olub. Bu gün də idman və Olimpiya Hərəkatı sahəsində işgüzar əlaqələrimiz yüksək səviyyədə davam edir”.
Daha sonra Çingiz Hüseynzadə Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafından və bu sahədə qazanılan yüksək uğurlardan danışıb.
MOK-un baş katibi Azər Əliyev Bakıda yüksək səviyyədə keçirilən beynəlxalq yarışlar və tədbirlər haqqında danışaraq bildirib: “Hal-hazırda Bakıda cüdo üzrə dünya çempionatı keçirilir. Bundan bir necə gün öncə Bakı üzgücülük yarışları üzrə dünya çempionatına ev sahibliyi edib. Ölkəmizdə müasir idman infrastrukturları və yaradılan yüksək şərait bu möhtəbər yarışların keçirilməsinə imkan verir”.
Qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını bildirən Viktor Lukaşenko Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini yüksək qiymətləndirib və iki ölkənin MOK-ları arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenkonun da təbrik məktubunun yer aldığı 75 illik yubiley kitabını ona hədiyyə edib.
Viktor Lukaşenko bu dəyərli hədiyyəyə görə Çingiz Hüseynzadəyə minnətdarlığını bildirib.
Görüşün sonunda tərəflər arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub və xatirə fotosu çəkdirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın dörd ... Ətraflı
Azərbaycan karateçisi İrina Zaretska Avstriyada qızıl medal qazanıb
Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zaltsburq şəhərində keçirilən ... Ətraflı










