Xəbərlər

Üzgüçümüz Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanıb

28 avqust 2023 183

Üzgüçümüz Ramil Vəlizadə Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanıb.

İdmançımız 37 ölkə təmsilçisinin qatıldığı turnirdə 200 metr məsafəyə “butterfly” üsulunda üzmədə təkcə rusiyalı Roman Şevlyakovdan geri qalaraq ikinci yerə sahib olub.

Bu üsulda üçüncü yeri Rusiyanın digər təmsilçisi Dmitri Noviçkov tutub.

Üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, Beynəlxalq Universitet İdman Festivalının qaydalarında edilən dəyişikliyə əsasən, turnirə Rusiyadan qatılan idmançıların sayı həddən artıq çox olub: “Əvvəlki yarışlarda hər ölkədən idman növləri üzrə yalnız iki üzgüçünün qatılmasına icazə verilirdi. Bu il qayda dəyişdirilərək hər universitetdən iki idmançının iştirakı qərara alınıb. Bu isə Rusiyanın daha çox üzgüçü ilə təmsil olunması deməkdir. Odur ki, bu il Beynəlxalq Universitet İdman Festivalında mübarizə çox gərgin idi. Ramil Vəlizadə belə çətin mübarizə şəraitində gümüş medal qazana bildi. Digər üzgüçümüz Fatimə Alkərəmova isə iki dəfə finala vəsiqə qazansa da, ilk üçlükdə yer ala bilmədi”.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Yarışda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.