Emin İskəndərov: “İbrahim verdiyi sözü tutdu və Yeniyetmələrin Olimpiya çempionu oldu”
01 noyabr 2026 - 21:31 31
“İbrahim Talıbovun yeniyetmələrin Olimpiya çempionu olması mənim üçün həm böyük sevinc, həm də məşqçilik fəaliyyətimdə xüsusi zirvədir”.
Bu sözləri müsahibəsində Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının cüdo yarışlarında idmançımız İbrahim Talıbovun -55 kq çəki dərəcəsində qızıl medal qazanmasından sonra yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov deyib.
Baş məşqçi qeyd edib ki, İbrahimin qazandığı qələbə onun üçün xüsusi əhəmiyyət daşıyır: “2018-ci ildə Vüqar Talıbovla məşqçi kimi fəaliyyət göstərirdim və o, Buenos-Ayres-2018-də yeniyetmələrin Olimpiya çempionu oldu. Səkkiz ildən sonra isə baş məşqçi kimi özüm idmançı hazırlayıb, olimpiadaya gətirdim. Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur. Burada hər şey Olimpiya ab-havasındadır. Yarış yüksək səviyyədə təşkil olunub”, - deyə baş məşqçi qeyd edib.
Emin İskəndərov idmançımızın rəqibləri barədə də danışıb: “Rəqiblər zəif deyildi, amma İbrahim onların öhdəsindən gələ biləcək gücdə idi. Bununla belə, Olimpiya Oyunlarının öz həyəcanı, ab-havası və məsuliyyəti var. İbrahim də müəyyən qədər həyəcanlı idi. Şükürlər olsun ki, onu bu vəziyyətdən çıxara bildim. İbrahim mənə verdiyi sözü tutdu və Yeniyetmələrin Olimpiya çempionu oldu. O, yarışdan əvvəl mənə demişdi ki, “Mən sözümü doğruldacağam və sizi iki Olimpiya çempionu yetişdirmiş məşqçi kimi tanıtdıracağam”. Sağ olsun, verdiyi sözə əməl etdi.
Fürsətdən istifadə edib, bizə dəstək olan Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Emin İskəndərov qeyd edib.
Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da 8 idman növündə 13 idmançı ilə mübarizə aparır.
Bənzər xəbərlər
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının ... Ətraflı
Azərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır
Bu gün Azərbaycan komandasının ilk idmançısı Dakar-2026 Yeniyetmələrin IV Yay ... Ətraflı
