Xəbərlər

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 oktyabr 2026 - 17:36 27

Afrika qitəsində ilk dəfə təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda keçiriləcək. 

 

Seneqal milli futbol komandasının ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq təntənəli açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

 

Oktyabrın 31-dən noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayacaq. Afrika qitəsində ilk dəfə təşkil olunacaq Yeniyetmələrin Olimpiadasında Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq.

 

Açılış mərasimində Azərbaycan komandasının bayraqdarları üzgüçülərimiz — III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova olacaqlar. 

 

İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika idman növləri üzrə yarışlarda mübarizə aparacaqlar. Komandamızın heyətində çimərlik güləşi idman növündə dörd idmançımız - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcəklər.

 

Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında təşkil olunur. Yarışların Afrikada keçirilməsi qitənin Olimpiya Hərəkatında iştirakının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti