Emin İskəndərov: “8 il sonra yenidən eyni uğuru təkrarlamaq istəyirik”
29 oktyabr 2026 - 11:29 25
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədimiz yüksək nəticə qazanmaqdır”.
Bu sözləri cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov deyib.
Təcrübəli məşqçi 8 il sonra yenidən eyni uğuru təkrarlamaq istədiklərini qeyd edib.
“2018-ci ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olmuşdu. Həmin vaxt komandanın məşqçisi kimi, idmançımızın qızıl medal qazanmasında mənim də rolum olub. Aradan səkkiz il keçdikdən sonra yenidən eyni soyadlı idmançımız İbrahim Talıbov fərqli çəki dərəcəsində bu Oyunlarda iştirak edəcək. Çox şadam ki, bu dəfə də idmançımıza dəstək olmaq mənə nəsib olub. Bu dəfə komandanın baş məşqçisi kimi, eyni uğuru təkrarlamaq istəyirik. Ümid edirəm ki, Vüqar Talıbovun yazdığı tarixi uğuru İbrahim Talıbov da təkrarlayacaq. Hazırlıq prosesimiz də belə cəsarətli danışmağa əsas verir. Çünki Azərbaycan Cüdo Federasiyası bizə yüksək səviyyəli hazırlıq üçün hər cür şərait yaradıb. İbrahim Talıbov Qazaxıstanda keçirilən beynəlxalq təlim-məşq toplanışında, eləcə də Bakıda təşkil olunan hazırlıq prosesslərində iştirak edib. Onun hazırlığına xüsusi diqqət yetirilib, texniki bacarıqlarının təkmilləşdirilməsi və idman formasının yüksəldilməsi istiqamətində geniş imkanlardan istifadə olunub. İnanıram ki, bir cüdoçu ilə Oyunlarda iştirak etməyimizə baxmayaraq, Dakarda bayrağımızı yüksəklərdə dalğalandıracağıq”, - deyə Emin İskəndərov bildirib.
Bənzər xəbərlər
İbrahim Talıbov: “İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədim uğurlu nəticə qazanmaqdır”.
Bu sözləri Dakar-2026 ... Ətraflı
Oyan Nəzəriani: “Ümid edirik ki, uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik”
“Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında əsas məqsədimiz uğurlu nəticələr qazanaraq ... Ətraflı