Xəbərlər

Oyan Nəzəriani: “Ümid edirik ki, uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik”  

29 oktyabr 2026 - 12:01 24

“Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında əsas məqsədimiz uğurlu nəticələr qazanaraq ölkəmizi layiqincə təmsil etməkdir”.

 

Bu sözləri müsahibəsində Dakar-2026-da ölkəmizi təmsil edəcək çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib. 

 

Təcrübəli mütəxəssis komandanın hazırlıq prosesi və qarşıdakı yarışla bağlı fikirlərini bölüşüb. O, Azərbaycan millisinin Oyunlarda dörd çəki dərəcəsində təmsil olunacağını bildirib.

 

“Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında dörd çəki dərəcəsində təmsil olunacağıq. 55 kq-da Günel Kərimli, 70 kq-da Tunar Quliyev, 80 kq-da Nihad Süleymanlı, 90 kq-da isə Elgün Kərimli mübarizə aparacaq. Hazırda sonuncu təlim-məşq toplanışındayıq və noyabrın 3-də Oyunlarda iştirak etmək üçün yola düşəcəyik.

 

Məşqçi kimi komandanın ümumi vəziyyətini yaxşı qiymətləndirirəm. Hazırlığın bütün mərhələlərini keçmişik. Hazırda Bakıda təşkil olunan toplanış əvvəlki bir neçə ardıcıl təlim-məşq toplanışının davamıdır. İdmançılarımızın Oyunlara hazırlığına xüsusi diqqət yetirilib.

 

Bildiyiniz kimi, bu il Azərbaycanda yeniyetmələr arasında U-17 dünya çempionatı keçirilib. İdmançılarımız həmin yarışda da uğurlu nəticələr qazanıblar. Bu, komandanın potensialını göstərən mühüm amillərdən biridir. Ümid edirik ki, həmin uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik.

 

Təbii ki, yarışda nəticə bir çox amildən, o cümlədən idmançıların həmin gün nümayiş etdirəcəkləri performansdan asılıdır. Buna baxmayaraq, hazırlıq prosesinin gedişi bizdə nikbinlik yaradır. İnanırıq ki, idmançılarımız Dakarda yaxşı nəticələr qazanaraq Azərbaycanı layiqincə təmsil edəcəklər”, - deyə Oyan Nəzəriani bildirib.