Nicat Şıxəlizadə: "İnanıram ki, bu nailiyyət gənclər və böyüklər arasında da davam edəcək"
03 noyabr 2026 - 04:17 17
“Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında cüdoçumuzun qızıl medal qazanması sevindirici haldır”.
Bu sözləri cüdo üzrə yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Nicat Şıxəlizadə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çempionun qarşılanma mərasimində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İbrahim Talıbovun qızıl medal qazanacağına yarışdan əvvəl də inanırdılar və idmançı göstərdiyi nəticə ilə ona bəslənilən ümidləri doğruldub:
“Əlbəttə, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında cüdoçumuzun qızıl medal qazanması sevindirici haldır. Yarışdan əvvəl də bu idmançıdan qızıl medal gözləyirdik. Nəhayət, o, verdiyi sözə əməl etdi. Milli komandanın məşqçisi kimi mən də bu uğura çox sevinirəm. İnanıram ki, bu nailiyyət gənclər və böyüklər arasında da davam edəcək".
Məşqçi komandanın hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bir neçə təlim-məşq toplanışında iştirak etdiklərini bildirib: “Hazırlığımız yüksək səviyyədə keçmişdi. Bu hazırlığın nəticəsində idmançımız Yeniyetmələr arasında Olimpiya çempionu titulunu qazandı. Bir müddət istirahət etdikdən sonra İbrahim, yəqin ki, gənclər arasında ölkə çempionatında iştirak edəcək. Daha sonra bir neçə yarışda qüvvəsini sınayaraq bu yaş kateqoriyasında da öz sözünü deməyə çalışacaq", - deyə Nicat Şıxəlizadə bildirib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl ... Ətraflı
Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
"Azərbaycana Yeniyetmələrin Yay Olimpiya Oyunların növbəti medalını gətirdiyimiz üçün çox ... Ətraflı

